Ləğv prosesində olan ASC Standard Insurance Sığorta Şirkətinin əsas vəsaitlərinin satışı üzrə hərracların keçirilmə qaydaları
1 Ümumi müddəalar
1.1. Bu Qaydalar “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktlarına əsasən hazırlanmışdır və ləğv prosesində olan sığorta şirkətinin əsas vəsaitlərinin satışı üzrə hərracların keçirilmə qaydalarını müəyyən edir.
1.2. Bu Qaydalar sığorta şirkətinin ləğv prosesinin effektiv həyata keçirilməsi istiqamətində şirkətə məxsus əsas vəsaitlərin satışının səmərəli şəkildə aparılması, o cümlədən ləğv prosesində olan sığorta şirkətinin və kreditorların maraqlarına uyğun realizə edilməsi məqsədini daşıyır.
1.3. Əsas vəsaitlərinin satışı həyata keçirilən ləğv prosesində olan sığorta şirkətinin ləğvedicisi ləğv komissiyası mülki qanunvericiliklə müəyyən edilmiş qaydada hərracın sifarişçisi (bundan sonra - sifarişçi) qismində çıxış edir.
1.4. Hərracın təşkilatçısı (bundan sonra – təşkilatçı) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.2-ci maddəsinin müddəalarına müvafiq olaraq Ləğv komissiyası ilə müqavilə əsasında hərəkət edən və hərracın keçirilməsi zamanı öz adından çıxış edən ixtisaslaşdırılmış təşkilatdır.
1.5. Hərracın formasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.5-ci maddəsinə müvafiq olaraq Ləğv komissiyası müəyyənləşdirir. Qanunvericilikdə ayrı qaydada nəzərdə tutulmamışdırsa, ləğv prosesində olan sığorta şirkətinin əsas vəsaitlərinin satışı üzrə hərraclar bir qayda olaraq açıq auksion formasında həyata keçirilir.
1.6. Hərrac predmeti olan əsas vəsaitlərin ilkin satış qiyməti “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq sərbəst (bazar) qiymətlər əsasında müəyyən edilir.
1.7. İştirak haqları sifarişçi ilə hərracın təşkilatçısı arasında razılaşdırılmalıdır.
2 Hərracın təşkili və keçirilmə qaydası
2.1. Təşkilatçı, Ləğv komissiyasından hərrac sifarişi aldıqdan sonra hərracın keçiriləcəyi tarixə ən geci 7 gün qalmış kütləvi informasiya vasitələrində, internet saytlarında və sosial şəbəkələrdə hərraca çıxarılacaq əmlak barəsində elan dərc etdirir.
2.2. Elanda aşağıdakı məlumatlar əks olunmalıdır:
2.2.1. hər bir lot üzrə ayrılıqda satışa çıxarılan əmlakın siyahısı, təsviri (dəyəri 500 manatadək olan predmetlər istisna olmaqla), yerləşdiyi ünvan;
2.2.2. siyahı üzrə əmlakın ayrılıqda ilkin satış qiyməti və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununda və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsas vəsaitlər üzrə yararlılıq vəziyyəti, istehlak və s. göstəriciləri barədə mütəxəssis rəyindən çıxarış;
2.2.3. hərracda iştirakın rəsmiləşdirilməsi, hərracda iştirak etmək üçün sifariş və digər sənədlərin qəbulu günü, son müddəti və yeri;
2.2.4. əmlakın cari mülkiyyətçisi və onun əmlak üzərində mülkiyyət hüquqlarının yaranma əsasları;
2.2.5. behin məbləği və köçürüləcəyi bank hesabı; əmlakın satışından əldə olunan vəsaitin köçürüləcəyi bank hesabları;
2.2.6. hərracın keçirilmə forması, keçirilmə qaydası, tarixi, vaxtı və yeri, hərracın qalibinin müəyyənləşdirilməsi, əlaqə telefonunun nömrəsi;
2.2.7. Təşkilatçının adı, ünvanı və sair rekvizitləri.
2.3. Məlumatın dərc edildiyi gündən etibarən bu qaydalara uyğun olaraq hərracda iştirak etmək hüququnu əldə etmiş şəxslərə satışa çıxarılan əmlakla tanış olmaq imkanı yaradılır. Hərraca çıxarılan əmlakla tanış olduqdan sonra hərracın keçirilməsinə azı 2 gün qalmış hərraca buraxılmış şəxslər təşkilatçıya hərracda iştirakları barədə öz qərarlarını yazılı və ya şifahi surətdə bildirməli, həmçinin hərracın keçirilməsinə azı 2 gün qalmış beh və xidmət haqqını tam olaraq ödəməlidirlər. Beh və xidmət haqqı ödənilən zaman təyinatda əmlakın təsviri mütləq qaydada qeyd edilməlidir.
2.4. Hərracda iştirak etmək üçün müraciət etmiş və müvafiq qaydada sənədləri tərtib edib, elanda göstərilən müddətdə təqdim etmiş, habelə elanda göstərilən bank hesabına behin köçürülməsi barədə sənəd təqdim etmiş şəxslər hərracda iştirak edə bilərlər. Hərracda iştirak etmək üçün müraciətlər bir qayda olaraq hərracın keçiriləcəyi tarixə azı 2 gün qalmış başa çatır. Hərracın keçiriləcəyi tarixə azı 2 gün qalmış hərracda iştirak etmək üçün müraciət etmiş şəxslərin istənilən formada müraciəti onların təşkilatçıya hərracda iştirak barədə öz qərarlarını bu qaydaların 2.3-cü bəndində göstərilmiş formada yazılı surətdə bildirmələrinə bərabər tutulur.
2.5. Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiq edilmiş) ərizə sifariş verən tərəfindən müəyyən olunmuş nümunəyə müvafiq olaraq təşkilatçıya verilir və ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
2.5.1. elanda göstərilmiş bank hesabına behin köçürüldüyünü təsdiq edən sənəd;
2.5.2. fiziki şəxslər tərəfindən şəxsiyyəti təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
2.5.3. hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti.
2.6. Təşkilatçı tərəfindən aşağıdakı hallar müəyyən edildikdə, şəxslər hərracda iştirak etmək üçün buraxılmırlar:
2.6.1. hüquqi şəxs yenidən təşkil, ləğv və ya iflas prosesində olduqda;
2.6.2. şəxs özü haqqında dəqiq olmayan məlumat verdikdə;
2.6.3. sənədlər sifarişlərin qəbulu müddəti qurtardıqdan sonra təqdim edildikdə;
2.6.4. ərizə səlahiyyəti olmayan şəxs tərəfindən təqdim edildikdə;
2.7. Elanda göstərilən siyahıya uyğun bütün sənədlər təqdim edilmədikdə, yaxud təqdim olunmuş sənədlər müvafiq qaydada tərtib olunmadıqda. Sənədlərin qəbulundan imtina hərracın təşkilatçısı tərəfindən əsasları göstərilməklə edilir. Ərizəni və sənədləri qəbul edilməyən şəxslərin sənədləri, imtinanın əsasları yazılı surətdə bildirilməklə, növbəti iş günü ərzində qaytarılır.
2.8. Hərracda iştirak etmək üçün şəxslər ərizəni və ona əlavə olunmuş sənədləri, habelə təqdim olunan sənədlərin 2 nüsxədən ibarət siyahısını hərracın təşkilatçısına təqdim edirlər.
2.9. Hərracın təşkilatçısı hər bir ərizəni və ona əlavə olunmuş sənədləri verilmə tarixi və vaxtını göstərməklə xüsusi jurnalda ardıcıllıqla qeyd edir.
2.10. Hərracın təşkilatçısı təqdim olunan sənədlərin siyahısının bir nüsxəsində ərizənin verilmə tarixini və vaxtını, habelə qeydiyyat jurnalındakı nömrəsini göstərməklə ərizəçiyə qaytarır.
2.11. Hərrac iştirakçılarına onların hərracda iştirak nömrəsini əks etdirən bilet verilir.
2.12. Şəxs hərracda iştirak etmək üçün ərizələrin qəbulu başa çatanadək öz ərizəsini geri götürə bilər. Bunun üçün şəxs hərracın təşkilatçısına yazılı müraciət etməlidir.
2.13. Sənədlərin qəbulu jurnalında hərracda iştirak etmək üçün ərizələrin geri götürülməsi barədə müvafiq qeyd aparılmalıdır.
2.14. Hərracın şərtlərinə uyğun olaraq hərracda iştirak etmək üçün ərizələrini geri götürmüş şəxslərin ödədiyi beh geri qaytarılır.
2.15. Hərracda iştirak etmək üçün müraciət edən şəxslərin hərraca buraxılıb-buraxılmaması barədə təşkilatçının qərarı protokolla rəsmiləşdirilir. Bu protokolda müraciətləri (ərizələri) qəbul edilən və imtina olunan şəxslərin məlumatları qeyd edilir. Müraciətlərin (ərizələrin) qəbulundan imtina olunmasının əsasları şəxslərə yazılı surətdə bildirilir.
2.16. Müraciətlərin (ərizələrin) qəbuluna dair protokol imzalandıqdan sonra müvafiq şəxslər hərracın iştirakçısı statusunu əldə edir. Təşkilatçı təqdim olunmuş ərizələrin və onlara əlavə olunmuş sənədlərin müvafiq qaydada saxlanılması üçün zəruri tədbirlər görür.
2.17. Təşkilatçı:
2.17.1. hərracın təşkil olunmasını və keçirilməsini təmin edir;
2.17.2. hərracın baş tutub-tutmadığını təsdiq edir;
2.17.3. hərracın gedişində mübahisəli vəziyyət yarandıqda, mübahisənin səbəbləri aradan qaldırılanadək hərracı dayandırır. Mübahisənin səbəblərini aradan qaldırmaq mümkün olmadıqda, hərracı baş tutmamış elan edir;
2.17.4. hərracın yekunu barədə protokol tərtib edir və onu təsdiq etmək üçün Ləğv komissiyasına təqdim edir.
2.18. Hərrac aşağıdakı qaydada keçirilir:
2.18.1. hərracda ən azı 2 (iki) şəxs iştirak etməlidir. Hərracda iştirak edəcək şəxslərin sayı ikidən az olduqda hərrac baş tutmamış hesab olunur.
2.18.2. satışa çıxarılan əmlakın ilkin satış qiyməti elan olunur. İlkin satış qiyməti elan olunarkən iştirakçılardan hər hansı birinin biletini qaldırmaması hərracın baş tutmamış elan edilməsi və yenidən keçirilməsi üçün əsas hesab olunur. İlkin satış qiyməti və ya əlavələr edilməklə artırılan satış qiyməti elan olunduqda, hərracda iştirak edən şəxslər öz biletlərini qaldırmaqla elan olunmuş qiymətə əmlakı almağa razı olduqlarını bildirirlər;
2.18.3. ilkin qiymət və ya əmlakın növbəti hərracda aşağı salınmış qiyməti 3 dəfə elan olunduqdan sonra iştirakçıların heç biri biletini qaldırmazsa, hərrac baş tutmamış hesab olunur;
2.18.4. birinci hərrac baş tutmadıqda və ya siyahı üzrə ayrılıqda əmlakın satışı baş tutmadıqda, hər növbəti hərraca 15 gün qalmış kütləvi informasiya vasitələrində, internet saytlarında və ya sosial şəbəkələrdə hərracla bağlı bu qaydaların 2.2-ci bəndində qeyd olunan elan verilir. İkinci hərracda ilkin satış qiymətinin 5 faizinədək, üçüncü hərracda isə ilkin satış qiymətinin 10 faizinədək aşağı salınır;
2.18.5. bu zaman sonrakı hərraclar arasındakı müddət 15 gündən az olmamalıdır;
2.18.6. hərrac başa çatdıqdan sonra hərracın təşkilatçısı hərracın yekunları üzrə üç nüsxədə protokol tərtib edir və qanunvericiliyə uyğun olaraq sifarişçi və alıcı arasında alqı-satqı müqaviləsi imzalanır;
2.18.7. protokol qalib gəlmiş şəxs və ya onun nümayəndəsi tərəfindən 3 nüsxədə imzalanır. Protokolda sifarişçi və qalib gəlmiş şəxs barədə qısa məlumatlar, satılan əmlakın siyahısı və satış qiyməti, satış qiymətinin ödəniləcəyi bank hesabları, hərracda qalib gəlmiş şəxsin verdiyi beh məbləğinin imzalanmış protokol üzrə öhdəliklərin icrası hesabına daxil edilməsi, habelə tərəflərin digər hüquq və vəzifələri əks olunur. Protokolun bir nüsxəsi qalib gəlmiş şəxsə verilir. Hərracın qalibi və hərracın təşkilatçısı hərrac başa çatdığı gün protokolu imzalamalıdır. İmzalanmış protokol üç gündən gec olmayaraq satıcıya təqdim olunmalıdır. Alqı-satqı müqaviləsində satılmış obyektin adı (siyahısı), onun alınma qiyməti, sifarişçi və qalib gəlmiş şəxs barədə və bu qaydalara müvafiq olaraq digər məlumatlar göstərilir. Müqavilə protokol imzalandığı gündən 5 iş günü müddətində imzalanmalıdır;
2.18.8. qalib gəlmiş şəxs qanunvericiliyə uyğun tərtib edilmiş protokolu imzalamaqdan imtina etdikdə, verdiyi beh geri qaytarılmır. Həmin protokolu imzalamaqdan imtina edən sifarişçi qalib gəlmiş şəxsə behi geri qaytarmalıdır.
2.18.9. hərrac baş tutmadıqda beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onun qalibi olmayan şəxslərin behi 5 bank günü müddətində geri qaytarılır;
2.18.10. hərrac baş tutmadığı hallarda hərracın təşkilatçısı tərəfindən bu barədə protokol tərtib edilir.
2.18.11. Hərracın yekunları haqqında məlumat hərracın keçirildiyi gündən 7 təqvim günü müddətində hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi haqqında elanın verildiyi kütləvi informasiya vasitələrində dərc edilir.
2.18.12. Hərracın qalibi ilə sifarişçi arasında müqavilə imzalandığı andan ən geci beş bank günü müddətində hərracın qalibi ödəməli olduğu pul vəsaitini satıcının müəyyən etdiyi bank hesabına köçürür.
2.18.13. Əmlakın (və ya müəyyən lotun) qiymətinin tam ödənildiyini təsdiq edən ödəniş sənədi (sənədləri) təqdim edildikdən sonra əmlaka (lota) mülkiyyət hüququ hərracın qalibinə keçir.
2.18.14. Əmlakın satışı üzrə keçirilmiş hərraclar baş tutmadıqda hərracın təşkilatçısı tərəfindən hərracın yekunları haqqında kütləvi informasiya vasitələrində bu qaydaların 2.19.12-ci bəndində göstərilmiş məlumat dərc edildikən və bu qaydaların 2.19.11-ci bəndində göstərilmiş protokol tərtib edildikdən sonra 10 gün ərzində sifariş hərracın təşkilatçısı tərəfindən hərracın sifarişçisinə geri qaytarılmalı, hərrac sifarişi geri qaytarıldıqdan sonra həmin əmlak bir qayda olaraq 30 gündən gec olmayaraq ilkin satış qiyməti əsasında və ya zərurət yarandıqda bazar şərtləri və konyunkturası nəzərə alınmaqla yenidən qiymətləndirilərək yeni ilkin satış qiyməti əsasında açıq hərracdan satılması ilə bağlı hərrac təşkilatçısına hərrac sifarişi verilməlidir. Növbəti hərrac sifarişi üzrə hərraclar bu qaydaların 2.19-cu bəndində göstərilmiş qaydada həyata keçirilir.
2.18.15. Əmlakın satışı üzrə keçirilmiş hərraclar baş tutmadıqda hərracın təşkilatçısı tərəfindən hərracın yekunları haqqında kütləvi informasiya vasitələrində bu qaydaların 2.18.12-ci bəndində göstərilmiş məlumat dərc edildikdən və bu qaydaların 2.18.11-ci bəndində göstərilmiş protokol tərtib edildikdən sonra 10 gün ərzində sifariş hərracın təşkilatçısı tərəfindən hərracın sifarişçisinə geri qaytarılmalı, hərrac sifarişi geri qaytarıldıqdan sonra həmin əmlak bir qayda olaraq 30 gündən gec olmayaraq ilkin satış qiyməti əsasında və ya zərurət yarandıqda bazar şərtləri və konyunkturası nəzərə alınmaqla yenidən qiymətləndirilərək yeni ilkin satış qiyməti əsasında açıq hərracdan satılması ilə bağlı hərrac təşkilatçısına hərrac sifarişi verilməlidir. Növbəti hərrac sifarişi üzrə hərraclar bu qaydaların 2.19-cu bəndində göstərilmiş qaydada həyata keçirilir.
2.19. Ləğv prosesində olan sığorta şirkətinin əsas vəsaitlərinin satışı üzrə hərraclarda sığorta şirkətinin müflis olmasına səbəb olan hərəkətlərə və ya hərəkətsizliyə yol verməkdə şübhəli bilinən sığorta şirkətinə aidiyyatı olan şəxslərin, inzibatçıların, mühüm iştirak payına malik olan səhmdarların, hərracın təşkilatçısının və sifarişçisinin vəzifəli şəxslərinin və onların yaxın qohumlarının (bacı, qardaş, ər/arvad (onların yaxın qohumları), ata, ana, övladlar, övladlığa götürənlər və ya götürülənlər, nənə, baba) birbaşa və ya dolayısı ilə iştirak etməsinə yol verilmir.
2.20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.2-ci maddəsinə müvafiq olaraq hərracın nəticələrinə dair yekun protokol hərrac predmeti olan daşınmaz əmlakın üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.
2.21. Komissiya tərəfindən müəyyən edilən behin məbləği əsas vəsaitin ilkin satış qiymətinin 5 (beş) faizi məbləğində müəyyən edilir.
3 Hərracın nəticələri üzrə mübahisələrin həlli qaydaları
3.1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.2-ci maddəsinin müddəalarına müvafiq olaraq hərracın etibarsız sayılması hərracın qalibi ilə bağlanmış müqavilənin etibarsızlığına səbəb olur.
3.2. Hərracın nəticələri ilə razılaşmayan hərrac iştirakçıları qanunvericilikdə nəzərdə tutulmuş qaydada hərracın nəticələrini mübahisələndirmək hüququna malikdirlər.