Azərbaycanda əmtəə birjalarının yaranması və fəaliyyəti XIX əsrin sonlarına təsadüf edir. Məlum olduğu kimi neft sənayesində 1872-ci ildə iltizam (müqatiə) sisteminin ləğvi Azərbaycanda neft sənayesinin sürətli inkişafı və kapitalist istehsal münasibətlərinin təşəkkülü ilə müşayiət olunmuşdur. Məhz bu dövdə Bakı şəhəri sürətli inkişaf edən sənaye və ticarət mərkəzinə çevrilməyə başlamışdır.
Azərbaycanda əmtəə birjasının yaranma tarixi də bu dövrə təsadüf edir. Rusiya imperiyasının mərkəzində ilk birja 1703-cü ildə Sankt-Peterburq şəhərində yaradılsa da, əyalətlərdə bu proses bir qədər ləngimiş və yalnız 01 yanvar 1887-ci il tarixdə, yəni 133 il bundan əvvəl, Rusiya imperatoru tərəfindən ilk birja nizamnaməsi təsdiq edilərək qəbul olunduqdan sonra əyalətlərdə birjaların fəaliyyətinə icazə verilmişdir.
Həmin tarixdən etibarən Bakı birjası bu sahənin duayeni kimi Azərbaycanda fəaliyyətə başlamış və Sovet hakimiyyəti qurulanadək aktiv fəaliyyət göstərmişdir.
Azərbaycanın Asiya və Avropanın qovşağında, əlverişli iqtisadi-coğrafi mövqedə, mühüm ticarət yollarının üzərində yerləşməsi, Bakı şəhərində dəniz limanının mövcud olması, habelə həmin dövr üçün strateji məhsullar olan neft, ipək, duz, zəfəran, xalça və digər qiymətli mallarla ticarətin inkişafı burada birja işinin inkişafına rəvac vermişdir.
Bakı Birjasının əsasını yerli və xarici tacirlər arasında aparılan birja əqdləri təşkil edirdi. Birjanın fəaliyyətini səmərəliləşdirmək və inkişaf etdirmək məqsədi ilə Birja Komitəsi yaradılmışdır. Birja komitəsinin ilk sədri Y.İ.Adamov, müavini isə K.A.İrezkiy seçilmişdir. Müxtəlif illərdə Bakı Birjasının milli burjuaziyanın nümayəndələri, neft maqnatları, ictimai xadim və messenantlardan Hacı Zeynalabdin Tağıyev, Mirzə Şəmsi oğlu Əsədullayev, Kərbəlayi İsrafil Hacıyev və başqaları fəaliyyət göstərmişdir.
Birjanın həmin dövrdə qüvvədə olan nizamnaməsi Çar Rusiyanının cari qanunvericiliyinə əsasən müsəlmanların birja əqdlərində ticarət agentliyi ilə (vasitəçiliklə) məşğul olmasına icazə vermədiyindən ticarət agentlərinin (vasitəçilərin) əsas tərkibi xristyan əhalidən formalaşmışdır. Fəaliyyəti müfəssəl formada, tam və hərtərəfli şəkildə tənzimlənmiş Bakı birjası həmin dövrdə özünün təşəkkül tapmış spesifik qaydaları və normaları ilə regionun iqtisadi həyatında barometr funksiyasını həyata keçirmiş, mülki dövriyyədə bir sıra işgüzar adətlərin və ənənələrin formalaşmasında mühüm rol oynamışdır. Belə ki, məsələn sənayeçilər və tacirlər arasında yaranan kommersiya mübahisələrini araşdırmaq məqsədi ilə birjada Münsiflər komissiyası fəaliyyət göstərmiş, həmin komissiya bu tipli kommersiya mübahisələrini mövud qanunvericilik normaları ilə yanaşı, işgüzar adətləri, habelə müsəlman-şəriət hüquq sisteminin qaydalarını, yerli adət və ənələri rəhbər tutmaqla həll etmişdir. Göründüyü kimi Bakı Birjası bəzi hallarda öz səlahiyyətləri və fəaliyyəti çərçivəsində arbitraj funkiyalarını da icra etmişdir.
Beləliklə, Bakı Birjası Azərbaycanda kapitalist istehsal münasibətlərinin və bazar iqtisadiyyatının ilkin rüşeymlərinin təşəkkülündə son dərəcə mühüm rol oynamışdır.
Məlum olduğu kimi I Dünya müharibəsi və XX əsrin əvvəllərində Rusiyada baş vermiş inqilabi təlatümlər Rusiyada Romanovların süqutu, Oktyabr inqilabından sonra bolşeviklərin hakimiyyətə gəlməsi, daha sonra 1920-ci ildə Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalı ilə nəticələnmişdir. Belə ki, XX əsrin 20-ci illərindən etibarən tədricən kapitalist istehsal münasibətlərindən və bazar iqtisadiyyatı modelindən xalq təsərrüfatı və sovet iqtisadiyyatı modelinə keçid dövrünü ehtiva edən “Keçid iqtisadiyyatı” dövründə də geniş müzakirələrə baxmayaraq Bakı Birjası fəaliyyətini davam etdirmiş, hətta, 28 mart 1922-ci il tarixində keçmiş Qafqaz bankının inzibati binasında Bakı Birjasının təntənəli açılış mərasimi yenidən keçirilmişdir. Bununla da Bakı Birjası Azərbaycanın sovetləşməsindən sonra yeni iqtisadi münasibətlərə uyğun olaraq yeni formatda fəaliyyətini davam etdirmişdir. Bu dövrdə Bakı Birjasının qarşısına qoyulan əsas vəzifələrdən biri xalq təsərrüfatınin inkişafına öz töhfəsini verməkdən ibarət olmuşdur. Lakin planlı iqtisadiyyata keçid, ictimai həyatın bütün sahələrinə, eləcə də iqtisadiyyata total dövlət nəzarəti, bununla da bazar iqtisadiyyatı münasibətlərinin süqutu, milli burjuaziyanın və sahibkarlar sinfinin məhvi tədricən Bakı Birjasının fəaliyyətinin dayandırılması, təshihi və ləğvi ilə nəticələndi.
Daha sonra Sovet dövrü elmi ədəbiyyatlarında və elmi dövriyyədə əmtəə birjaları yalnız kapitalist istehsal münasibətlərinin ünsürü olan struktur, speklyativ halların yaranmasına şərait yaradan, xalq təsərrüfatına heç bir fayda verməyən, istehsalçıları maliyyə qurumlarının və möhtəkirlərin təsiri altında saxlayan qeyri-rentabelli bir institut kimi təqdim edilirdi.
Halbuki, Bakı Birjasının fəaliyyəti və tarixi inkişafı Azərbaycanın milli iqtisadiyyatının, yerli kapitalist istehsal münasibətlərinin və bazar iqtisadiyyatının inkişafı ilə bilavasitə üzvi surətdə bağlı olmuş, ölkə iqtisadiyyatının inkişafına mühüm töhfə vermişdir.
XX əsrin 90-cı illərində keçmiş SSRİ-nin dağılması bir sıra MDB ölkələri kimi Azərbaycanın da dövlət müstəqilliyinin bərpası, bazar iqtisadiyyatının və kapitalist istehsal münasibətlərinin yenidən təşəkkülü, çoxukladlı mülkiyyət formalarına keçid və mülki dövriyyənin inkişafının yeni mərhələyə qədəm qoyması ilə müşayiət olundu.
Təbii ki, 1990-cı ildə mövcud olan iqtisadi şərait Azərbaycanda yenidən əmtəə birjasının yaradılmasını aktuallaşdırırdı. Belə ki, bazar iqtisadiyyatına keçid tədricən və mərhələli şəkildə həyata keçirilməli, iqtisadiyyatın strateji məhsulların idxal–ixrac əməliyatlarının nizamlanması və s. kimi bir sıra strateji sahələri hələ ki, dövlət tərəfindən birbaşa nəzarət əsasında tənzimlənməli və ya dövlət inhisarında saxlanılmalı idi. Bazar iqtisadiyyatına keçidin təmin olunduğu digər sahələrdə isə mövcud iqtisadi infrastukturun deqradasiyası, müstəqillik qazanmış MDB ölkələri arasında iqtisadi əlaqələrin itirilməsi, iqtisadi münasibətlərin formalaşmasında, ələxüsus bazar qiymətlərinin təşəkkülündə müşayiət olunan xaos qısa müddətdə müasir və sivil bazar münasibətlərinin inikası olan əmtəə birjasının yaradılmasını şərtləndirirdi. Belə ki, Birja bazar iqtisadiyatı mexanizmləri vasitəsi ilə maliyyə, əmtəə, xammal, əmək və sair resursların cəmləşməsi, bölüşdürülməsi, bu resurslardan səmərəli istifadənin təmin edilməsi, iqtisadiyyatın оperativ, сari və рerspektivdə təşkili, planlaşdırılmaı və idarə olunmasına ciddi təsir göstərilməsi, tələb və təklifin qarşılıqlı təsiri nəticəsində formalaşan stabil və sərbəst bazar qiymətlərinin formalaşmasına imkan yaradılması, daxili bazarın dünya iqtisadiyatına inteqrasiyasına şərait yaratmaq imkanlarına malikdir.
Beləliklə, 1990-cı ildə əmtəə birjasının bərpa edilməsi məqsədilə əvvəlcə Dövlət maddi-texniki təchizat komitəsi tərəfindən xüsusi təşəbbüs qrupu yaradılır. Təşəbbüs qrupunun əməkdaşları tərəfindən Azərbaycanda mövcud olmuş birja hərəkatının və fəaliyyətdə olan xarici birjaların mütərəqqi təcrübəsi təhlil edilmiş, əmtəə birjalarının təşkili və əsas iş prinsipləri öyrənilmiş, daxili bazarın durumu və bazar konyunkturası tədqiq edilmiş, keçmiş SSSRİ Xarici İqtisadi Əlaqələr Nazirliyinin Elmi Tədqiqatlar İnstitutunda müvafiq kurs keçmiş, potensial təsisçilərlə maarifləndirmə və təşviqat işi aparılmışdır. Nəticədə Respublikanın ən iri müəssisə və birlikləri əmtəə birjasını təsis etmək haqqında niyyət protokolunu təsdiq etmişlər.
Mahiyyət etibarilə tarixi Bakı Birjasının hüquqi varisi olaraq yeni yaradılan birja 21 müəssisə və təşkilatın təşəbbüsü ilə Azərbaycan SSR Nazirlər Sovetinin 16 yanvar 1991-ci il tarixli 19 saylı qərarına əsasən “Bakı Birjası” adı ilə fəaliyyətə başlayır. Bakı Birjasının təsisçiləri sırasına “Azneft” istehsalat birliyi, “Bakıelektrikməişətcihaz”, “Xalq üçün mallar” dövlət konserni, Dövlət Təchizat Komitəsinin idarələri, Bakı şəhərinin ən iri neftayırma zavodları və sair müəssisələr daxil olmuşdur. Qısa müddət ərzində “Bakı Birjası” MDB ölkələrinin 100-ə qədər əmtəə birjası ilə əməkdaşlıq etmiş, 80-dən artıq broker firmaları (vasitəçilər) birjada qeydiyyatdan keçərək öz müştərilərinə xidmət göstərmişdir. Fəaliyyəti dövründə mal və xammal materiallarının çatışmadığı, ölkə iqtisadiyyatının durğun və böhranlı vəziyyətdə olduğu bir dövrdə Birja iştirakçısı olduğu broker firmalarının səyi nəticəsində Respublikaya iri həcmdə ağac, metal, kərpic, maşın mexanizmləri, ərzaq malları və digər xammal və materialların gətirilməsinə nail olmuşdur. Birjanın fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmiş, onun bazar iqtisadiyyatına keçid dövründə ölkə iqtisadiyyatının inkişafındakı əhəmiyyəti nəzərə alınaraq Nazirlər Kabinetinin 27.06.1991-ci il tarixli 226 saylı “Birja ticarətinin inkişafı və Bakı Birjasının fəaliyyətinin genişləndirilməsi haqqında” qərarı ilə ona Respublika Statusu verilmiş və “Respublika Əmtəə Birjası” adlandırılmışdır. Məhz bu dövrdən başlayaraq Bakı Birjasının adı dəyişdirilərək Respublika Əmtəə Birjası (RƏB) adlandırılmışdır.
1994-cü ilə qədər birja fəaliyyəti “Birja fəaliyyəti haqqında” müvəqqəti əsasnamə ilə tənzimlənmiş, 1994-cü il may ayının 25-də “Əmtəə birjası haqqında” qanun qəbul edilmişdir. Bu qanun əmtəə birjalarının yaradılması və fəaliyyətini, birja ticarəti qaydalarını, əmtəə birjalarında fəaliyyətin hüquqi təminatları üzrə münasibətləri nizamlayır. Qanun daim təkmilləşdirilir və bu gun də Azərbaycan Respublikasında əmtəə birjalarının fəaliyyətini tənzimləyən əsas direktiv sənəddir.
Fəaliyyət döv
rü ərzində Respublika Əmtəə Birjası ölkənin iqtisadi həyatında fəal iştirak etmiş, dəfələrlə dövlət tərəfindən müxtəlif mühüm əhəmiyət kəsb edən iqtisadi tədbirlərin keçirilməsinə cəlb edilmişdir. Belə ki, Respublika Əmtəə Birjası1995-ci ildə dövlət kreditləri hesabına alınmış kiçik çörək zavodlarının satışı üzrə auksionların, maliyyə cəhətdən iflasa uğramış və müflisləşmiş xeyriyyə cəmiyyətlərinin əmlaklarının satışı üzrə hərracların, Respublika Prezidentinin müvafiq fərmanına əsasən yaradılmış “İqtisadiyatda fövqəladə komissiyanın” fəaliyyəti dövründə müəssisə və təşkilatlarda istehsal edilib və uzun müddət yığılıb qalmış məhsulların satışının, Dövlət Əmlak Komitəsi ilə birlikdə Dövlət əmlakının özəlləşdirmə Proqramına əsasən yanacaqdoldurma məntəqələrinin satışı üzrə ilk pullu hərracların keçirilməsində və sair dövlət tərəfindən verilən sifarişlərin icrasında fəal iştirak etmişdir.
Respublika Əmtəə Birjası Birjası fəaliyyətini yüksək əmək intizamı və peşəkarlıqla həyata keçirmiş, əmtəə birjalarının fəaliyyətini tənzim edən mövcud qanunvericilik normalarının tələblərinə dönmədən riayət etmişdir. Belə ki, Respublika Əmtəə Birjasında birja fəaliyyətinin əsas göstəricisi olan ticarət sessiyaların keçirilməsi bir dəfə belə pozulmamışdır. Respublika Əmtəə Birjasında birja ticarətləri 20 əmtəə qrupları üzrə keçirilir. Birjanın imkanlarından bu günə kimi 1500-dən artıq müştəri istifadə etmiş, birjada 20000-dən artıq əqd qeydə alınmış, ən əsası isə birjada qeydə alınan əqdlərin hamısı mütləq şəkildə icra olunmuşdur. Birjanın mütəxəssisləri mütəmadi olaraq bazar konyunkturası, bazar qiymətləri və onların dinamikası barədə məlumatlandırma işləri aparır, müəssisə və təşkilatları
müxtəlif dövrlərdə təşəkkül tapmış bazar qiymətləri haqqında məlumatlarla təmin edir.
Doğrudur, Respublika Əmtəə Birjası fəaliyyətinə kommersiya qurumu kimi başlasa da, Birjanın Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınmış mövcud Nizamnaməsinə uyğun olaraq aşkar və kütləvi prinsiplər əsasında birja ticərətlərini təşkil edən və keçirən qeyri-kommersiya qurumudur. Birjanın mövcud qeyri-kommersiya təşkilatı statusu bir tərəfdən onun fəaliyyətinə marağın azalması və təsisçilərinin sayının məhdudlaşması ilə nəticələnsə də, digər tərəfdən ticarət iştirakçılarından tutulan birja rüsumlarının məbləğinin minimum həddə (orta hesabla bir faiz) müəyyənləşdirilməsi ilə müşayiət olunmuşdur ki, bu da ticarət agentlərinin (birja vasitəçilərinin) maliyyə yükünün azalmasına və birja aktivliyinin artmasına rəvac vermişdir.
Respublika Əmtəə Birjasının birja ticarətinin ardıcıl aparılmasını təmin edən əsas struktur bölmələri artıq formalaşdırılmış, ticarət qaydaları və digər normativ aktlar işlənib hazırlanmış və qanunvericiliyin tələblərinə əsasən daim təkmilləşdirilərək, təşkilati texniki avadanlıqlarla təmin olunmuşdur.
Həmçinin məlumat üçün bildiririk ki, birja ticarətində distant iştirak etmək imkanları yaradan müasir tipli birjan elektron platforması hazırlanmaqdadır. Eyni zamanda, Birja tərəfindən birja ticarəti iştirakçılarına loqistika xidmətlərinin göstərilməsi üçün təşkilati işlər aparılır.