Ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışı üzrə hərracların keçirilmə
QAYDALARI
“Təsdiq edilmişdir”
Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 04 May 2017-ci il tarixli 82 saylı Protokol qərarı ilə
1.Ümumi müddəalar
1.1.Bu Qaydalar “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktlarına, habelə Əmanətlərin Sığortalanması Fondunun “Ləğv prosesində olan bankların əsas vəsaitlərinin Satışı üzrə komissiyanın fəaliyyət qaydaları”na əsasən hazırlanmışdır və ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışı üzrə hərracların keçirilmə qaydalarını müəyyən edir.
1.2. Bu Qaydalar bankların ləğv prosesinin effektiv həyata keçirilməsi istiqamətində banklara məxsus əsas vəsaitlərin satışının səmərəli şəkildə aparılması, o cümlədən ləğv prosesində olan bankların və kreditorların maraqlarına uyğun realizə edilməsi məqsədini daşıyır.
1.3. Əsas vəsaitlərinin satışı həyata keçirilən ləğv prosesində olan bankların ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) mülki qanunvericiliklə müəyyən edilmiş qaydada hərracın sifarişçisi (bundan sonra - sifarişçi) qismində çıxış edir.
1.4. Hərracın təşkilatçısı (bundan sonra – təşkilatçı) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.2-ci maddəsinin müddəalarına müvafiq olaraq Fond ilə müqavilə əsasında hərəkət edən və hərracın keçirilməsi zamanı öz adından çıxış edən ixtisaslaşdırılmış təşkilatdır.
1.5. Hərracın formasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.5-ci maddəsinə müvafiq olaraq Fond müəyyənləşdirir. Qanunvericilikdə ayrı qaydada nəzərdə tutulmamışdırsa, ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışı üzrə hərraclar bir qayda olaraq açıq auksion formasında həyata keçirilir.
1.6. Hərrac predmeti olan əsas vəsaitlərin ilkin satış qiyməti “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq sərbəst (bazar) qiymətləri əsasında müəyyən edilir.
1.7. İmtiyazlı alıcı - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 10-cu maddəsinin işgüzar adətlərlə bağlı müddəalarını, habelə həmin Məcəllənin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsinin mənəvi dəyərlərə zidd olmayan üsullarla həyata keçirildiyini, həmçinin həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığını rəhbər tutaraq əsas vəsaitlər üzərində mülkiyyət hüquqlarını öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi nəticəsində itirmiş və həmin əsas vəsaitlərin alışına iddia edən fiziki və hüquqi şəxslər ləğv prosesində olan banklar qarşısında həmin əsas vəsaitlər ilə təmin olunmuş öhdəlikləri tam icra etmək şərtilə və ya tutmanın yönəldilməsi nəticəsində həmin öhdəliklər tam icra olunmuşdursa icra olunmuş öhdəliklərin həcmi həddində həmin əsas vəsaitləri likvid qiymətindən aşağı qiymətəolmamaq şərtilə “Ləğv prosesində olan bankların əsas vəsaitlərinin Satışı üzrə komissiyanın fəaliyyət qaydaları”nda nəzərdə tutulmuş qaydada birbaşa satış üsulu ilə əsas vəsaiti hərraca çıxarılmadan əldə edə bilərlər.
2. Hərracın təşkili və keçirilmə qaydası
2.1. Təşkilatçı, Fonddan hərrac sifarişi aldıqdan sonra hərracın keçiriləcəyi tarixə ən geci 30 gün qalmış kütləvi informasiya vasitələrində, o cümlədən internet saytlarında və sosial şəbəkələrdə hərraca çıxarılacaq əmlak barəsində elan dərc etdirir.
2.2. Elanda aşağıdakı məlumatlar əks olunmalıdır:
2.2.1. hər bir lot üzrə ayrılıqda satışa çıxarılan əmlakın siyahısı, təsviri, yerləşdiyi ünvan;
2.2.2. siyahı üzrə əmlakın ayrılıqda ilkin satış qiyməti və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununda və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsas vəsaitlər üzrə yararlılıq vəziyyəti, istehlak və s. göstəriciləri barədə mütəxəssis rəyindən çıxarış;
2.2.3. hərracda iştirakın rəsmiləşdirilməsi, hərracda iştirak etmək üçün sifariş və digər sənədlərin qəbulu günü, son müddəti və yeri;
2.2.4. əmlakın cari mülkiyyətçisi və onun əmlak üzərində mülkiyyət hüquqlarının yaranma əsasları, yaxud əmlakın əvvəlki mülkiyyətçisinin mülkiyyət hüquqlarını itirmə əsasları barədə məlumat (qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında tutmanın yönəldilməsi, alqı-satqı müqaviləsi və s.);
2.2.5. hərrac addımı (əlavələr);
2.2.6. behin və iştirak haqqının məbləği və köçürüləcəyi bank hesabı; əmlakın satışından əldə olunan vəsaitin köçürüləcəyi bank hesabları;
2.2.7. hərracın keçirilmə forması, keçirilmə qaydası, tarixi, vaxtı və yeri, hərracın qalibinin müəyyənləşdirilməsi, əlaqə telefonunun nömrəsi;
2.2.8. Təşkilatçının adı, ünvanı və sair rekvizitləri.
2.2.9. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
2.3. Məlumatın dərc edildiyi gündən etibarən bu qaydalara uyğun olaraq hərracda iştirak etmək hüququnu əldə etmiş şəxslərə satışa çıxarılan əmlakla tanış olmaq imkanı yaradılır. Hərraca çıxarılan əmlakla tanış olduqdan sonra hərracın keçirilməsinə 5 gün qalmış hərraca buraxılmış şəxslər təşkilatçıya hərracda iştirakları barədə öz qərarlarını yazılı surətdə bildirməlidirlər.
2.4. Hərracda iştirak etmək üçün müraciət etmiş və müvafiq qaydada sənədləri tərtib edib, elanda göstərilən müddətdə təqdim etmiş, habelə elanda göstərilən bank hesabına behin və iştirak haqqının köçürülməsi barədə sənəd təqdim etmiş şəxslər hərracda iştirak edə bilərlər. Hərracda iştirak etmək üçün müraciətlər bir qayda olaraq hərracın keçiriləcəyi tarixə 5 gün qalmış başa çatır. Hərracın keçiriləcəyi tarixə 5 gün qalmış hərracda iştirak etmək üçün müraciət etmiş şəxslərin müraciəti onların təşkilatçıya hərracda iştirak barədə öz qərarlarını bu qaydaların 2.3-cü bəndində göstərilmiş formada yazılı surətdə bildirmələrinə bərabər tutulur.
2.5. Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiq edilmiş) ərizə sifariş verən tərəfindən müəyyən olunmuş nümunəyə müvafiq olaraq təşkilatçıya verilir və ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
2.5.1. elanda göstərilmiş bank hesabına behin və iştirak haqqının köçürüldüyünü təsdiq edən sənəd;
2.5.2. fiziki şəxslər tərəfindən şəxsiyyəti təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti
2.5.3. hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti.
2.6. Təşkilatçı tərəfindən aşağıdakı hallar müəyyən edildikdə, şəxslər hərracda iştirak etmək üçün buraxılmırlar:
2.6.1. hüquqi şəxs yenidən təşkil, ləğv və ya iflas prosesində olduqda;
2.6.2. şəxs özü haqqında dəqiq olmayan məlumat verdikdə;
2.6.3. sənədlər sifarişlərin qəbulu müddəti qurtardıqdan sonra təqdim edildikdə;
2.6.4. ərizə səlahiyyəti olmayan şəxs tərəfindən təqdim edildikdə;
2.6.5. elanda göstərilən siyahıya uyğun bütün sənədlər təqdim edilmədikdə, yaxud təqdim olunmuş sənədlər müvafiq qaydada tərtib olunmadıqda.
2.7. Sənədlərin qəbulundan imtina hərracın təşkilatçısı tərəfindən əsasları göstərilməklə edilir. Ərizəni və sənədləri qəbul edilməyən şəxslərin sənədləri, imtinanın əsasları yazılı surətdə bildirilməklə, növbəti iş günü ərzində qaytarılır.
2.8. Hərracda iştirak etmək üçün şəxslər ərizəni və ona əlavə olunmuş sənədləri, habelə təqdim olunan sənədlərin 2 nüsxədən ibarət siyahısını hərracın təşkilatçısına təqdim edirlər.
2.9. Hərracın təşkilatçısı hər bir ərizəni və ona əlavə olunmuş sənədləri verilmə tarixi və vaxtını göstərməklə xüsusi jurnalda ardıcıllıqla qeyd edir.
2.10. Hərracın təşkilatçısı təqdim olunan sənədlərin siyahısının bir nüsxəsində ərizənin verilmə tarixini və vaxtını, habelə qeydiyyat jurnalındakı nömrəsini göstərməklə ərizəçiyə qaytarır.
2.11. Hərrac iştirakçılarına onların hərracda iştirak nömrəsini əks etdirən bilet verilir.
2.12. Şəxs hərracda iştirak etmək üçün ərizələrin qəbulu başa çatanadək öz ərizəsini geri götürə bilər. Bunun üçün şəxs hərracın təşkilatçısına yazılı müraciət etməlidir.
2.13. Sənədlərin qəbulu jurnalında hərracda iştirak etmək üçün ərizələrin geri götürülməsi barədə müvafiq qeyd aparılmalıdır.
2.14. Hərracın şərtlərinə uyğun olaraq hərracda iştirak etmək üçün ərizələrini geri götürmüş şəxslərin ödədiyi beh geri qaytarılır. Bu halda ödənilmiş iştirak haqqı hərracın keçirilməsinə ən geci 3 gün qalmış ərizələrini geri götürən şəxslərə qaytarılır.
2.15. Hərracda iştirak etmək üçün müraciət edən şəxslərin hərraca buraxılıb-buraxılmaması barədə təşkilatçının qərarı protokolla rəsmiləşdirilir. Bu protokolda müraciətləri (ərizələri) qəbul edilən və imtina olunan şəxslərin məlumatları qeyd edilir. Müraciətlərin (ərizələrin) qəbulundan imtina olunmasının əsasları şəxslərə yazılı surətdə bildirilir.
2.16. Müraciətlərin (ərizələrin) qəbuluna dair protokol imzalandıqdan sonra müvafiq şəxslər hərracın iştirakçısı statusunu əldə edir.
2.17. Təşkilatçı təqdim olunmuş ərizələrin və onlara əlavə olunmuş sənədlərin müvafiq qaydada saxlanılması üçün zəruri tədbirlər görür.
2.18. Təşkilatçı:
2.18.1. hərracın təşkil olunmasını və keçirilməsini təmin edir;
2.18.2. hərracın baş tutub-tutmadığını təsdiq edir;
2.18.3. hərracın gedişində mübahisəli vəziyyət yarandıqda, mübahisənin səbəbləri aradan qaldırılanadək hərracı dayandırır. Mübahisənin səbəblərini aradan qaldırmaq mümkün olmadıqda, hərracı baş tutmamış elan edir;
2.18.4. hərracın yekunu barədə protokol tərtib edir və onu təsdiq etmək üçün Fonda təqdim edir.
2.19. Hərrac aşağıdakı qaydada keçirilir:
2.19.1. satışa çıxarılan əmlakın ilkin satış qiyməti elan olunur. İlkin satış qiyməti və ya əlavələr edilməklə artırılan satış qiyməti elan olunduqda, hərracda iştirak edən şəxslər öz biletlərini
qaldırmaqla elan olunmuş qiymətə əmlakı almağa razı olduqlarını bildirirlər;
2.19.2. hərracı aparan hər yeni elan olunmuş qiyməti üç dəfə təkrar edir. Elan olunmuş satış qiymətinə əmlakı almağa razı olan hərracda iştirakçılarının sayı iki və daha çox olduqda həmin qiymət iştirakçılar tərəfindən əlavəetmə yolu ilə artırılır. Elan olunmuş satış qiymətinə əmlakı almağa yalnız bir iştirakçı razılıq verdiyi halda həmin şəxs hərracın qalibi hesab olunur. Bu halda hərracı aparan şəxs əmlakın satıldığını, satış qiymətini və qalib gəlmiş şəxsin biletinin nömrəsini bildirir;
2.19.3. ilkin qiymət və ya əmlakın növbəti hərracda aşağı salınmış qiyməti 3 dəfə elan olunduqdan sonra iştirakçıların heç biri biletini qaldırmazsa, hərrac baş tutmamış hesab olunur;
2.19.4. birinci hərrac baş tutmadıqda və ya siyahı üzrə ayrılıqda əmlakın satışı baş tutmadıqda, hər növbəti hərraca 30 gün qalmış kütləvi informasiya vasitələrində, o cümlədən internet saytlarındavə sosial şəbəkələrdə hərracla bağlı bu qaydaların 2.2-ci bəndində qeyd olunan elan verilir. İkinci hərracda qiymət birinci hərracda satılmayan əmlakın və ya onun ayrılıqda siyahı üzrə satılmayan hissəsinin ilkin satış qiymətinə, üçüncü hərracda ilkin satış qiymətinin 15 faizi, dördüncü hərracda isə ilkin satış qiymətinin 30 faizinədək aşağı salına bilər;
2.19.5. bu zaman sonrakı hərraclar arasındakı müddət 30 gündən az olmamalıdır;
2.19.6. yararlılıq müddəti başa çatmış yeyinti məhsullarının hərraca yenidən qida məhsulları qismində çıxarılması qadağandır. Bu əmlak qanunvericiliyə uyğun olaraq heyvanların yemləndirilməsi üçün istifadəyə yararlı olduqda 5 gün müddətində qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən qiymətləndirilərək hərracda satılmalıdır;
2.19.7. hərrac başa çatdıqdan sonra hərracın təşkilatçısı hərracın yekunları üzrə üç nüsxədə protokol tərtib edir və qanunvericiliyə uyğun olaraq sifarişçi və alıcı arasında alqı-satqı müqaviləsi imzalanır;
2.19.8. protokol qalib gəlmiş şəxs və ya onun nümayəndəsi tərəfindən 3 nüsxədə imzalanır.
Protokolda sifarişçi və qalib gəlmiş şəxs barədə qısa məlumatlar, satılan əmlakın siyahısı və satış qiyməti, satış qiymətinin ödəniləcəyi bank hesabları, hərracda qalib gəlmiş şəxsin verdiyi beh məbləğinin imzalanmış protokol üzrə öhdəliklərin icrası hesabına daxil edilməsi, habelə tərəflərin digər hüquq və vəzifələri əks olunur. Protokolun bir nüsxəsi qalib gəlmiş şəxsə verilir. Hərracın qalibi və hərracın təşkilatçısı hərrac başa çatdığı gün protokolu imzalamalıdır. İmzalanmış protokol üç gündən gec olmayaraq satıcıya təqdim olunmalıdır. Alqı-satqı müqaviləsində satılmış obyektin adı (siyahısı), onun alınma qiyməti, sifarişçi və qalib gəlmiş şəxs barədə və bu qaydalara müvafiq olaraq digər məlumatlar göstərilir. Müqavilə protokol imzalandığı gündən 5 iş günü müddətində imzalanmalıdır;
2.19.9. qalib gəlmiş şəxs qanunvericiliyə uyğun tərtib edilmiş protokolu imzalamaqdan imtina etdikdə, verdiyi beh və iştirak haqqı geri qaytarılmır. Həmin protokolu imzalamaqdan imtina edən sifarişçi qalib gəlmiş şəxsə iştirak haqqının bir mislini, behi isə ikiqat məbləğdə geri qaytarmalıdır.
2.19.10. hərrac baş tutmadıqda beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onun qalibi olmayan şəxslərin behi 5 bank günü müddətində geri qaytarılır; İştirak haqqı hərrac yalnız sifarişçinin təşəbbüsü ilə baş tutmadığı hallarda hərracda iştirak etmiş şəxslərə geri qaytarılır, digər hallarda iştirak haqqı geri ödənilmir.
2.19.11. hərrac baş tutmadığı hallarda hərracın təşkilatçısı tərəfindən bu barədə protokol tərtib edilir.
2.19.12. Hərracın yekunları haqqında məlumat hərracın keçirildiyi gündən 15 təqvim günü müddətində hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi haqqında elanın verildiyi kütləvi
informasiya vasitələrində dərc edilir.
2.19.13. Hərracın qalibi ilə sifarişçi arasında müqavilə imzalandığı andan ən geci beş bank günü müddətində hərracın qalibi ödəməli olduğu pul vəsaitini satıcının müəyyən etdiyi bank hesabına köçürür. Hərracın təşkilatçısı hərracın keçirilməsi ilə bağlı çəkdiyi xərcləri təsdiq edən sənədləri sifarişçiyə təqdim edir.
2.19.14. Əmlakın (və ya müəyyən lotun) qiymətinin tam ödənildiyini təsdiq edən ödəniş sənədi (sənədləri) təqdim edildikdən sonra əmlaka (lota) mülkiyyət hüququ hərracın qalibinə keçir.
2.19.15. Əmlakın satışı üzrə keçirilmiş hərraclar baş tutmadıqda hərracın təşkilatçısı tərəfindən hərracın yekunları haqqında kütləvi informasiya vasitələrində bu qaydaların 2.19.12-ci bəndində göstərilmiş məlumat dərc edildikən və bu qaydaların 2.19.11-ci bəndində göstərilmiş protokol tərtib edildikdən sonra 10 gün ərzində sifariş hərracın təşkilatçısı tərəfindən hərracın sifarişçisinə geri qaytarılmalı, hərrac sifarişi geri qaytarıldıqdan sonra həmin əmlak bir qayda olaraq 30 gündən gec olmayaraq ilkin satış qiyməti əsasında və ya zərurət yarandıqda bazar şərtləri və konyunkturası nəzərə alınmaqla yenidən qiymətləndirilərək yeni ilkin satış qiyməti əsasında açıq hərracdan satılması ilə bağlı hərrac təşkilatçısına hərrac sifarişi verilməlidir. Növbəti hərrac sifarişi üzrə hərraclar bu qaydaların 2.19-cu bəndində göstərilmiş qaydada həyata keçirilir.
2.20. Ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışı üzrə hərraclarda bankın müflis olmasına səbəb olan hərəkətlərə və ya hərəkətsizliyə yol verməkdə şübhəli bilinən banka
aidiyyatı olan şəxslərin, inzibatçıların, mühüm iştirak payına malik olan səhmdarların, hərracın təşkilatçısının və sifarişçisinin vəzifəli şəxslərinin və onların yaxın qohumlarının (bacı, qardaş, ər/arvad (onların yaxın qohumları), ata, ana, övladladlar, övladlığa götürənlər və ya götürülənlər, nənə, baba) birbaşa və ya dolayısı ilə iştirak etməsinə yol verilmir.
2.21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.2-ci maddəsinə müvafiq olaraq hərracın nəticələrinə dair yekun protokol hərrac predmeti olan daşınmaz əmlakın üzərində
hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.
3. Hərracın nəticələri üzrə mübahisələrin həlli qaydaları
3.1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.2-ci maddəsinin müddəalarına müvafiq olaraq hərracın etibarsız sayılması hərracın qalibi ilə bağlanmış müqavilənin
etibarsızlığına səbəb olur.
3.2. Hərracın nəticələri ilə razılaşmayan hərrac iştirakçıları qanunvericilikdə nəzərdə tutulmuş qaydada hərracın nəticələrini mübahisələndirmək hüququna malikdirlər.