Bakı, 29 oktyabr, AZƏRTAC
Respublika Əmtəə Birjası nəzdində “Qiymətləndirmə Xidməti Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Ermənistanın müharibə cinayətləri ilə bağlı bəyanat yayıb.
Bu barədə AZƏRTAC-a MMC-dən verilən məlumatda bildirilir.
Bəyanatda deyilir: “Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 25-də Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirilən operativ müşavirədə çıxışı zamanı deyib: “Mən tapşırıq vermişəm ki, işğaldan azad edilmiş bütün bölgələrdə təftiş işləri aparılsın, bütün dağıntılar qeydə alınsın, aktlar tərtib edilsin, bizim vətəndaşlarımızın dağıdılmış əmlakı uçota alınsın və əlbəttə ki, Ermənistan dövləti bu müharibə cinayətlərinə görə cavab verəcək. Bütün dünya bir daha gördü ki, biz hansı vəhşilərlə üz-üzəyik”.
“Qiymətləndirmə Xidməti Mərkəzi” MMC-nin rəhbərliyi və kollektivi Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışını çağırış kimi qəbul edərək perspektivdə işğalçı Ermənistana və erməni hərbi canilərinə qarşı beynəlxalq hüquqi müstəvidə kontribusiya (təzminat), eləcə də işğal və hərbi təcavüz aktları, habelə Cenevrə konvensiyaları və əlavə protokollarının pozuntusu nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələblərinin irəli sürülməsi çərçivəsində dağıdılmış infrastruktur, məişət-iaşə obyektləri və sair tikililərin qiymətləndirilməsi, dəymiş maddi ziyanın müəyyənləşdirilməsi və bununla əlaqədar digər müvafiq işlərin görülməsində dövlətimizə öz dəstəyini, xidmətlərini təklif edir. Məlum olduğu kimi, Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları ilə müşayiət olunan silahlı təcavüzü nəticəsində 1988-1993-cü illərdə Qarabağda ümumilikdə 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur, məişət-iaşə obyektləri və sair tikililər dağıdılıb. Bu baxımdan erməni hərbi canilərinin və işğalçı Ermənistan respublikasının beynəlxalq cinayət hüququ və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq müvafiq cinayət, maddi və sair məsuliyyətə cəlb edilməsi ilə bağlı prosessual tədbirlər çərçivəsində cinayət nəticəsində Azərbaycan Respublikasına dəymiş zərərin müəyyənləşdirilərək tələb olunması mühüm hüquqi, siyasi əhəmiyyət kəsb edir.
Sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi ərzində Rəşadətli Ordumuzun ardıcıl, inamlı qələbələri nəticəsində ölkəmizin bir sıra yaşayış məntəqələrinin işğaldan azad olunması Ermənistanın hərbi təcavüzü nəticəsində dəymiş maddi ziyanın müəyyənləşdirilməsi və daha dəqiq statistik göstəricilərin əldə edilməsi üçün münbit şərait yaradır. Belə ki, 1991-ci ildə yaradılmış Respublika Əmtəə Birjasının nəzdində fəaliyyət göstərən “Qiymətləndirmə Xidmət Mərkəzi” MMC istənilən növ mülkiyyət hüququ obyektlərinin, daşınar və daşınmaz əmlakın mövcud qanunvericiliyə, beynəlxalq qiymətləndirmə standartlarına və prinsiplərinə müvafiq olaraq müxtəlif metodlarla qiymətləndirilməsini həyata keçirən zəngin və çoxillik təcrübəyə malik peşəkar kadr bazası və müasir texniki imkanları olan qiymətləndirmə şirkəti kimi ötən müddət ərzində müxtəlif fiziki və hüquqi şəxslərin, habelə dövlət orqanlarının, məhkəmələrin və məhkəmə qərarlarının icrasını həyata keçirən icra və probasiya qurumlarının, eləcə də istintaq orqanlarının sifarişləri üzrə müxtəlif mülkiyyət obyektlərinin operativ, düzgün, obyektiv və şəffaf şəkildə qiymətləndirilməsini təmin edib. Qarabağ Azərbaycandır!”.
Link: AZƏRTAC