26 noyabr 2020, 13:13
Ey qalib Ordunun Müzəffər Komandanı!
Rayonumuza şəhid gətirilən gün Şuşanın işğaldan azad olunması müjdəsini Sizdən eşitdik. Kədərimiz sevincə, sevincimiz kədərə qarışdı. Şuşa azad olunan gün istər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində həlak olmuş bütün şəhidlərimizin ruhu, qazilərimizin könlü şad oldu. Görkəmli fransız maarifçi filosofu və mütəfəkkiri Ş.Monteskyö yazırdı ki, yalnız 2 cür haqlı müharibə var: 1 - hücum edən düşməni geri oturtmaq üçün, 2 - hücuma məruz qalmış müttəfiqi xilas etmək üçün. Bizim işimiz haqdır. Azərbaycan diplomatiyası heç vaxt bu qədər adaptiv, Ordusu heç vaxt bu qədər güclü, iqtisadiyyatı heç vaxt bu qədər qüdrətli olmamışdı. Hamısı Sizin sayənizdə oldu. Sizin rəhbərliyiniz ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad edərək Vətən borcunu yerinə yetirməklə yanaşı, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra edərək beynəlmiləl borcunu şərəflə icra etdi. Siz təkcə status-kvonu dəyişmədiniz, cənab Prezident. Siz bir millətin taleyini dəyişdiniz. Siz dünyanın siyasi xəritəsində bir regionun tarixini dəyişdiniz. Siz bu xalqın daxili inamını özünə qaytardınız. Bir vətəndaş, bir hüquqşünas və Qarabağ müharibəsi mövzusunda olan kitab müəllifi kimi Sizə təşəkkürümü bildirirəm.
Hörmətlə,
Əliyev Qaya İbad oğlu.